“Ola bilsin İsa Qəmbərin ittihamlarından biri də ADP-nin ünvanınadır”
Sərdar Cəlaloğlu: “Amma birləşmə missiyasini üzərimizə götürdüyümüzdən cavab vermirik”
“Müxalifət daxilində gedən diskusiyalar bizim birliyimizə mənfi təsir edir, amma qəti surətdə prosesin qarşısını alacaq bir məsələ deyil. Əksinə, bu siyasi liderlərin, partiyaların bir-birlərinə münasbətinin əsil mahiyyətinin üzə çıxmasına müəyyən qədər aydınlıq gətirir”. ADP lideri Sərdar Cəlaloğlu belə deyib.
O hesab edir ki, müxalifət qüvvələri birləşmə ərəfəsində yaxşı-yaxşı ayrılmağı da bacarmalıdır. ADP sədri düşünmür ki, müxalifət düşərgəsində baş verənlər seçki ilində partiyaların bir araya gəlməsini əngəlləyəcək. “Siyasətdə qəti qərar vermək düzgün deyil. Biz dəfələrlə hansısa partiyaları xəyanətdə ittiham edib sonra yenə də onlarla əməkdaşlıq qurmuşuq. İndiki halda Müsavatın qəti mövqe nümayiş etdirməsi o demək deyil ki, həmin qüvvələrlə daha əməkdaşlıq etməyəcək. Vaxtilə AXCP Müsavatı hökumətə satılmaqda ittiham edirdi. Sonra referendumda birgə iştirak etdik. Yaxud da Ümid Partiyasını ittiham edən Müsavat referendum zamanı bu partiya ilə çox sıx əməkdaşlıq etmişdi”.
ADP sədri hesab edir ki, müxalifətdaxili ittihamları ciddi qəbul etmək lazım deyil: “Ara-bir müxalifətin özünü yenidən təftiş etməsinə ehtiyac var. Amma bu təftişçiliyi elə dərəcəyə qaldırmaq lazım deyil ki, bütünlükdə cəmiyyətə ziyan vursun. Düşünürəm ki, müxalifət hələ bu həddə gəlib çatmayıb ki, inteqrasiya birdəfəlik gündəmdən çıxsın. Verilən bəyanatlara fikir versək, hamısında bir yol hələ qalıb”.
S.Cəlaloğlu Müsavat başqanının partiyaların xarici qüvvələrə və hakimiyyətə işləməsi ilə bağlı fikirlərinə də toxunub və deyib ki, bu məsələnin gündəmə gətirilməsinə indiki halda ehtiyac yoxdur. “İsa Qəmbər yəqin belə ehtiyac görüb, ona görə həmin bəyanatla çıxış edib. Əgər bu məsələlərlə bağlı şübhə varsa, onları siyasi etika çərçvəsndə ifadə etməyin də ziyanı yoxdu. İsa Qəmbər desə ki, ADP İrana işləyir, bu o demək deyil ki, biz İrana işləyirik. Heç kim fikirləşməsin ki, onun verdiyi qiymətlə reallıqlar mütləq üst-üstə düşür. Bəlkə faktları var, amma onlar da düz olmaya bilər. Yaxud İsa Qəmbər faktlardan düzgün nəticə çıxarmaya bilər”. S.Cəlaloğlu hesab edir ki, ADP-nin ünvanına heç kim heç nə deyə bilməz. “Deyəcəkləri təqdirdə isə mən bunu ağrılı, problematik qəbul etməyəcəm. İctimai rəyin qarşısına çıxan hər bir adam bilməlidir ki, onu həm sağdan, həm soldan vuracaqlar. Bunu qəbul edib siyasətə gəlmək lazımdır. İndiki halda hamımız başa düşürük ki, bu ittihamların heç biri qəti və son ittiham deyil və yaxud da hansısa hüquqi nəticə doğurmur”.
O ki qaldı Müsavatın AXCP və KXCP ilə əməkdaşlıq barədə mövqeyinə, S.Cəlaloğlu deyib ki, Müsavat birinci növbədə əməkdaşlıq bazis şərtini müəyyənləşdirib: “Bazis şərt isə siyasi partyaların qohumluğudur. Məsələn, KXCP, AXCP, BXCP və Böyük Quruluş Partiyası ilə İsa Qəmbərin partiyası birləşə bilər. Çünki bunlar vaxtilə bir qüvvə olublar. Çoxlu şərik naliyyətləri və məğlubiyyətləri var. Təbii ki, Müsavatın da əməkdaşlıq deyəndə birinci bu partiyaları nəzərdə tutması normaldır. ADP, ALP, “Ümid” və digərlərinin isə mənşəyi bu partiyalarla o dərəcədə eyni deyil. Bu konfiqurasiya alınmayacağı halda Müsavat başqa bir prinsip ortaya çıxarıb. Tutaq ki, kim nə dərəcədə milli maraqlara uyğundur və s. Bunlar hamısı birlik axtarışının ayrı-ayrı mərhələlərində ortaya çıxan məsələlərdir”. ADP sədri xatırladıb k, Müsavat əvvəl AXCP ilə özünün birliyini təklif edirdi. Bu alınmayandan sonra AXCP-KXCP birliyini irəli sürdü. Sonra digər formalar da ortaya çıxacaq. S.Cəlaloğlu onu da deyib ki, müxalifətin diskussiyasında həmişə bitərəf qalan qüvvə olur. İndiki halda ADP qarşılıqlı atışmalara qoşulmur. Ötən illərdə Lalə-Şövkət bu prosesdən kənarda qalmışdı. S.Cəlaloğlu hesab edir ki, belə olan halda partiyanın bütün tərəflərlə iş aparmaq şansı yaranır:“İndiki halda biz bu birləşməni üzərimizə götürdüyümüzdən düşünülümş şəkildə ünvanımıza ittihamlar irəli sürülsə belə kimsəyə cavab vermədən inteqrasiya uğrunda səylərmizi davam etdiririk. Əks halda biz tərəfə çevrilərik, belə olanda isə qarşı tərəflə heç bir əlaqə qura bilmərik. Amma indi bütün müxalifətlə eyni dərəcədə və bərabər səviyyədə danışıqlar apara bilirik. Ola bilsin ki, İsa bəyin ittihamlarından biri də bizim ünvanımızadır. O abstrakt deyib ki, müxalifət partyalarından Rusiyaya işləyəni var. ALP-dən də buna cavab gəlib. Konkret ad deməyib, biz də cavab verə bilərdik. Amma bu missiyanı yerinə yetirdiyimizdən cavab vermirik ki, tərəflər arasında siyasi birliyə nail olaq”.
ADP sədri düşünür ki, hamı eyni dərəcədə intriqaya qoşulsa, birlikdən danışmaq mümkün olmayacaq. Buna görə də ADP müxalifət daxilində bitərəf mövqeyini saxlayır.
P.SULTANOVA
Xəbər lenti


