Berlin divarlarının sökülməsindən 20 il ötür
Avropa ölkələrinin liderləri bayram tədbirləri ilə əlaqədar olaraq Berlində toplaşacaqlar.
Soyuq müharibənin başa çatmasını əks etdirən bu hadisənin növbəti ildönümü Almaniyada böyük coşqu ilə qeyd olunur. Brandenburq darvazaları qarşısında keçiriləcək “Azadlıq bayramı” adlı əsas tədbirə Almaniyanın kansleri Angela Merkelin dəvəti ilə Rusiya və Fransa prezidentləri Dmitri Medvedyev və Nikola Sarkozi, ABŞ-ın dövlət katibi Hillari Klinton, Britaniyanın baş naziri Qordon Braun, Avropa Komissiyasının sədri Joze Manuel Barrozo və bir sıra yüksək səviyyəli dövlət rəsmiləri də qatılacaq. Bu cür tədbirlər ölkənin digər şəhərlərində də keçiriləcək. Xatırladaq ki, Berlin divarlarının tikilməsinə 1961-ci ildə başlanılıb. Almaniya Demokratik Respublikası ölkənin şərqindən qərbinə qaçanlarınm sayının çoxalmasından narahat olub və Berlin divarlarının tikilməsinə qərar verib. Ancaq buna baxmayaraq, Şərqi Almaniyadan Qərbi Almaniyaya qaçanların qarşısını almaq mümkün olmayıb və 1989-cu il noyabrın 9-da Almaniya Demokratik Respublikası Qərbi Berlinlə sərhədi açmağı qərar alıb. Nəticədə divarlar aşırılıb. 1990-cu ildən etibarən isə tərəflər arasındakı sərhəd postu birdəfəlik ləğv edilib.
Editor.Az
Xəbər lenti


