Kipr probleminin həlli üçün yeni təklif
Britaniya adadakı hərbi bazalarının yerləşdiyi əraziləri vahid Kipr dövlətinə təklif edir
Rəsmi London Kibrdə razılaşma olacağı təqdirdə adada ona aid olan torpaqların yarısını Birləşmiş Kiprə verməyə hazır olduğunu bəyan edib. Təklif Britaniya Xarici İşlər Nazirliyindən yayılan açıqlamada səsləndirilib.
Açıqlamada baş nazir Qordon Braunun sözlərinə də yer verilib. Braun bildirib ki, adanın hər iki tərəfinin liderləri son dövrlərdə müzakirələrdə qərarlılıq göstəriblər və London bu qərarlılığı daha da təşviq etmək niyyətindədir: “Müzakirələrə dəstək əlaməti olaraq bildirirəm ki, çözüm olacağı halda İngiltərə adadakı hərbi baza sahələrinin 50 faizini birləşmiş Kiprə verəcək”.
Braun hər iki liderə - Mehmet Əli Tələt və Dmitiris Xristofyasa “Tarix yaza bilərsiniz. Cəsur olun. Birləşmiş Krallıq sizi dəstəkləyir” mesajını verib. İngiltərənin təklifi artıq BMT-yə də təqdim olunub.
Kiprin yunan hissəsinin lideri Dimitris Xristofyas bu təklifi müsbət dəyərləndirib. Amma yunan Kiprinin xarici işlər naziri Markos Kipriani belə təşviqə ehtiyac duymadıqlarını, davamlı sülh üçün Türkiyəyə təzyiqlərin artırılmasının lazım gəldiyini deyib.
Quzey Kıbrıs Türk Cümhuriyyətinin prezidenti Mehmet Əli Tələt təklifin yunan tərəfinin xəritə və torpaq müzakirələrindəki istəksizliyini aradan qaldırmaq təşəbbüsü kimi qəbul edilə biləcəyini deyib. Tələt Xristofyasın İngiltərəyə dəvət olunmasını da xatırladaraq “görünür, rum tərəfini təşviq etmək istəyirlər” deyib.
QKTC baş naziri Dərviş Əroğlu isə İngiltərənin təklifinin anlaşmaya ciddi təsir etməyəcəyini bildirib: “Dikelyanı (QKTC-yə aid Qazimagusa şəhəri yaxınlığındakı İngiltərə hərbi bazası) bizə, Ağroturu (yunan Kiprinə aid Limasol yaxınlığındakı İngiltərə bazası) onlara verəcəklərini desələr, yenə anlayardım. Əslində İngiltərə özünün bazaları olan bölgələrin suverenliyinin olduğunu deyərkən bizim suveren xalq olduğumuzu qəbul etmir. Bu da bizi üzməkdədir”
Ankaradakı diplomatik mənbələr isə İngiltərənin bu addımının müzakirələrdə ciddi mərhələyə gəlinməsinin göstəricisi kimi dəyərləndiriblər. Onlar hesab edirlər ki, danışıqlarda önəmli məsafə qət edilməsəydi, İngiltərə belə təklif etməzdi. Digər tərəfdən, Ankara Londonun təklifinin “həll prosesini dəstəkləyirik” sözündən daha güclü, daha konkret dəstək mesajı olduğunu düşünür və buna önəm verir.
Türkiyə və Yunanıstanla birlikdə Kiprdə üçüncü qarant ölkə olan Birləşmiş Krallığın adada 245 kvadrat kilometrlik əraziyə malik 2 hərbi bazası var. İngiltərə bu ərazinin 116,5 kvadrat kilometrlik hissəsini birləşmiş Kiprə verə biləcəyini bildirir. Birləşmiş Krallıq bənzər təkliflə 2004-cü ildə adanın birləşməsini nəzərdə tutan “Annan planı” müzakirə olunarkən də çıxış edib. Lakin o zaman yunan tərəfi planı rədd etdiyindən İngiltərənin təklifi geniş müzakirə edilmədi.
Editor.Az
Xəbər lenti


